Oppenheymerin nəvəsi Xirosimaya səfər edib

4
İyn
08:54
thumb_down 0

ABŞ-nin atom bombasının ixtiraçısı Robert Oppenheymerin nəvəsi Çarlz Oppenheymer Xirosimaya səfər edib və 6 avqust 1945-ci ildə ABŞ bombardmanından sağ çıxan Keyko Oqura ilə görüşüb.

O, bu barədə Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Böyük dövlətlər arasında gərginlik artdıqca və silahlanma yarışı davam etdikcə, beynəlxalq həmrəyliyin zəruriliyini vurğulayan babamın məsləhətlərindən dərs almağın vaxtıdır. Xirosimaya səfər tarixi öyrənmək üçün bir fürsət idi. Orada keçirdiyim söhbətlərdən mən atom bombasının nəticələrini öyrəndim və anladım ki, heç bir bomba növündən istifadə etməməliyik", - o deyib .

Çarlz Oppenheymer Xirosimada ABŞ-nin atom hücumu qurbanlarının xatirəsinə ucaldılmış abidənin yerləşdiyi parkı ziyarət edib.

Qeyd edək ki, Xirosima və Naqasakiyə atılan atom bombaları ABŞ tərəfindən İkinci Dünya müharibəsinin sonunda Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədi daşıyıb. Xirosimadakı bomba partlayışı zamanı, müxtəlif hesablamalara görə, 70 000-dən 100 000-ə qədər insan ölüb. Naqasakidə bomba partlayışı zamanı 70 000, sonradan isə radiasiya, xərçəng və digər xəstəliklərdən daha 500 000 nəfər həlak olub.

Mənbə: TASS