Ermənistan iqtisadiyyatının arxa üzü: Paşinyan hökuməti xalqa yalan danışır

10
Avq
21:54
thumb_down 0

Ermənistan iqtisadiyyatı növbəti tənəzzül dövrünə qədəm qoyub. Ötən ayın rəsmi məlumatlarına görə, ölkənin dövlət borcu 12 milyard dollar həddini, daxili borcu isə ilk dəfə olaraq xarici borcu üstələyib. Hər ötən il dövlət borcunun daha da şişməsi bir daha erməni iqtisadiyyatının tənəzzülünə işarə edir.

Buna baxmayaraq, Paşinyan hökuməti hər ay ölkə iqtisadiyyatının inkişaf etdiyini, vergi yığımlarının artdığını bildirir. Erməni mətbuatında yayılan xəbərlər isə əslində belə olmadığını, məlumatların təhrif edildiyini, rəqəmlərin süni şəkildə şişirdildiyini üzə çıxarır.

"Kaspi" qəzetinin mövzuya həsr olunmuş məqaləsini təqdim edirik:

Rusiya-Ukrayna münaqişəsinin gətirdiyi müvəqqəti üstünlük

Rusiya-Ukrayna münaqişəsi başlayanda Ermənistan üçün süni iqtisadi artım pəncərəsi açılmışdı. Sadə dillə desək, Ermənistana Rusiya vətəndaşları gəldi, böyük pul köçürmələri oldu, onlar öz bizneslərinin bir hissəsini müvəqqəti buraya köçürdülər və nəticədə iqtisadiyyat aktivləşməyə başladı. Bundan başqa, digər ölkələrdən Rusiyaya köçürmələr Ermənistan üzərindən reallaşdırıldı.

Amma son vaxtlar bu istiqamətdə də geriləmə qeydə alınır. Ötən il ilə müqayisədə cari ildə Ermənistana pul köçürmələrində 16 faiz azalma müşahidə edilib. Ötən ilin ilk beş ayında bu rəqəm iki milyard 480 milyon dollar idisə, cari ilin ilk beş ayında iki milyard 88 milyon dollara qədər azalıb. Ötən il Rusiya ilə ticarət dövriyyəsi bir milyard 695 milyon dollar idisə, cari ildə isə bu rəqəm 205 milyon dollar azalıb. Xatırladaq ki, bunlar vətəndaşların göndərdiyi sosial əhəmiyyət kəsb edən pullardır. Onların hesabına insanlar məişət problemlərini həll edirlər.

Bank sistemi tərəfindən həyata keçirilən qeyri-kommersiya köçürmələrinin kəskin şəkildə azalmasının müxtəlif səbəbləri ola bilər. Amma güman ki, səbəblərdən biri hakimiyyətin transferlərlə bağlı həyata keçirdiyi siyasətdir. Belə ki, hökumət xaricdən ölkəyə göndərilən pulları vergiyə cəlb etməyə hazırlaşır. Düzdür, ötən il aparılan eksperiment vətəndaşların geniş narazılığı və müqaviməti ilə üzləşərək uğursuzluğa düçar oldu. Lakin bu, hakimiyyətin planından vaz keçməsi demək deyil. Gəlir bəyannaməsi çərçivəsində transfertlərin vergiyə cəlb edilməsi hələ də gündəmdə qalır.

Dramın süni bahalaşması da təhlükəlidir

Rusiya-Ukrayna müharibəsi zəminində yaranmış yeni reallıq fonunda 2022-ci ildə Ermənistanda ÜDM-də dövlət borcunun çəkisinin azalması, erməni dramının dollar qarşısında güclənməsi müşahidə olundu. Məsələn, o vaxt bir dollar 480 drama yox, 390 drama satılırdı. Bu isə ümumi gəlirlərdə dollarla olan borcun dəyərinin aşağı düşməsi demək idi. Əslində bu, ciddi problem idi. Çünki Ermənistanın uzunmüddətli perspektivdə 380-390 dram məzənnə limitini təmin edəcək iqtisadi potensialı yox idi. Dramın möhkəmlənməsi Ermənistan iqtisadiyyatının artması hesabına yox, xarici axınlar hesabına baş vermişdi.

İqtisadi potensialın boğulması

2022-ci ildən sonra Ermənistan iqtisadi potensialını daha sürətlə itirməyə başlayıb. İxrac oluna bilməyən sektor ixrac edilə bilən sektoru daha da daraltmağa, boğmağa başlayıb. Bu isə öz növbəsində dövlət borcunun həcminə davamlı şəkildə təsir edib. Başqa sözlə, iqtisadiyyatın əsasını təşkil edən ixrac edilə bilən sektorun çəkisi ÜDM-də azalır. Bu isə yerli resursların gələcəkdə ÜDM yaratmayacaq bir sahədə basdırılması deməkdir.

Sürətlə artan büdcə kəsiri

2023-cü ildə Ermənistan parlamentində büdcənin icrasının müzakirəsi zamanı maliyyə naziri Vahe Hovhannisyan bəyan edib ki, hökumət riskləri azaltmaq üçün dövlət borcunun ABŞ dollarında payını azaldır. Amma təkcə ötən il dövlət büdcəsinin kəsiri 179 milyon dram olub. Sonrakı dövrdə də bu kəsir sürətlə artmaqda davam edib. Əgər Ermənistanın dövlət büdcəsinin mənfəət vergisi, gömrük rüsumu, aksiz vergisi, dövriyyə və gəlir vergilərindən formalaşdığını nəzərə alsaq, sözügedən sahələrdə hansı formada geriləmə olduğunu anlamış olarıq. Maraqlıdır ki, baş nazir Nikol Paşinyan çıxışlarında heç vaxt büdcə kəsiri ilə bağlı danışmır. Yalnız büdcə artımını vurğulayır, bununla da iqtisadi anlayışı dərin olmayan sadə erməni vətəndaşının gözünə pərdə tutur.

Xarici banklardan yeni kreditlər götürülür

Ermənistan süni büdcə artımı ilə paralel olaraq, xaricdən borc almaqda da davam edir. 2024-cü ilin geridə qalan dövründə Avropa Yenidənqurma və İnkişaf Bankından 236 milyon avro məbləğində kredit götürülüb. İyulun 18-də isə Ermənistanla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında səhiyyə proqramının həyata keçirilməsi üzrə kredit sazişi imzalanıb. Bu müqavilə ilə Ermənistana 102 milyon avro kredit veriləcək. Başqa sözlə desək, hökumət büdcə kəsirini kreditlərlə ört-basdır edir, iqtisadi durumu süni yollarla "sabit saxlamağa" çalışır.

Rusiyadan asılılıq bir az da artıb

Ermənistan hakimiyyətinin təmsilçiləri son vaxtlar tez-tez iqtisadiyyatımızın şaxələndirilməsindən danışır, bir mərkəzdən asılılığın yolverilməz olduğunu bildirirlər. Lakin rəsmi statistik məlumatlar sübut edir ki, erməni iqtisadiyyatı ciddi şəkildə Rusiya Federasiyasından asılıdır. Hökumət diversifikasiyadan danışsa da, tam əksini edir. Rusiya ilə xarici ticarət dövriyyəsinin artması da sübut edir ki, bu, de-diversifikasiyadır. Enerji ehtiyatları və xammal kimi əsas məhsullarla bağlı yenə də Rusiyadan ciddi asılılıq var.

Bu misallar bir daha sübut edir ki, Paşinyan hökumətinin yarıtmaz siyasəti nəticəsində Ermənistan iqtisadiyyatı can üstündədir. İqtisadi aktivlik azalır, dövlət borcu şişir, erməni dramı isə günü-gündən ucuzlaşır. Ölkədəki bahalaşma, iş yerlərinin kəskin azalması, kənd təsərrüfatının süqutu da iqtisadiyyatı məhvə sürükləyən əsas səbəblər sırasındadır.