Qətərdə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar başladı: HƏMAS görüşə qatılmadı

15
Avq
18:54
thumb_down 0

Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs elan edilməsi və israilli girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.

Bu barədə seher.media "Sky News Arabia" və TASS nəşrlərinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Misir, Qətər, ABŞ və İsrail rəsmiləri iştirak edir. Lakin danışıqlarda iştirak edənlər arasında Fələstinin HƏMAS hərəkatının üzvlərinin adı çəkilmir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanasının müşaviri Dmitri Gendelmanın TASS-a bildirdiyinə görə, İsrail nümayəndə heyəti Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqların növbəti raundu üçün Dohaya gəlib.

"Nümayəndə heyəti Dohaya çatıb və danışıqlar başladı", - deyə o, məlumat verib.

Daha əvvəl yayılan xəbərlərdə İsrailin "Mossad" kəşfiyyatının direktoru David Barneanın ABŞ-li və misirli həmkarları, həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcəyi qeyd edilirdi. Vaşinqtonu məsləhətləşmələrdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Berns və Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk təmsil edir. Misir nümayəndə heyətinə kəşfiyyat rəhbəri Abbas Kamel rəhbərliik edir.

Xatırladaq ki, Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsraili və Fələstinin radikal HƏMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.

Vasitəçilər, həmçinin, ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.

HƏMAS avqustun 11-də vasitəçilərə çağırış edib ki, Qəzza zolağında atəşkəs sazişinin həyata keçirilməsi üçün konkret planı onlara təqdim etsinlər və İsraili bu planı yerinə yetirməyə məcbur etsinlər.

HƏMAS nümayəndələri dəfələrlə bəyan ediblər ki, Dohada keçiriləcək danışıqlarda iştirak etməyəcəklər. Bununla belə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel daha əvvəl bildirmişdi ki, Qətər Vaşinqtonu HƏMAS-ın təmsil ediləcəyinə əmin edib.

Vasitəçilər HƏMAS danışıqlar qrupu ilə görüşdən sonra Dohada məsləhətləşmələr aparmağı planlaşdırırlar.