İran və "Hizbullah" İsrailin yüksəkvəzifəli rəsmilərinə sui-qəsd hazırlayır?

16
Avq
18:18
thumb_down 0

İran və "Hizbullah"ın İsrailin yüksəkvəzifəli rəsmilərinə qarşı sui-qəsd təşkil edə biləcəyi iddiaları yayılıb.

Bu barədə seher.media "Yediot Aharonot" qəzetinə istinadən bildirir.

Qəzetdə yer alan xəbərə görə, bu iddia ötən gün toplanan İsrail Təhlükəsizlik Kabinetinin iclasında gündəmə gəlib.

İclasda iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-də İranın paytaxtı Tehranda həyata keçirilən sui-qəsdlərə görə İran və "Hizbullah"ın mümkün cavab tədbirləri müzakirə edilib.

İran və "Hizbullah"ın cavab tədbiri olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etmək əvəzinə, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsd təşkil edə biləcəyi ehtimalı nəzərdən keçirilib.

Yüksəksəviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə bununla bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, iyulun 30-da İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava hücumunda "Hizbullah"ın yüksəksəviyyəli komandirlərindən olan Fuad Şükür həlak olmuşdu.

Bu hücumdan bir neçə saat sonra iyulun 31-də isə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülmüşdü.

İran və HƏMAS Haniyənin qətlinin arxasında İsrailin olduğunu bildirib və Tehran da hücuma cavab verəcəyini açıqlayıb.