"Savadsız müəllim işləməməlidir" - İşsiz qalan 4000 nəfərin taleyi necə olacaq?

2
Avq
11:18
thumb_down 0

"Müəllimlərin təkrar sertifikasiyasında nəticəsi uğursuz olan 4 300-dən çox müəllimin müqaviləsinə xitam verilib".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Müdir müavini əlavə edib ki, 400-ə yaxın işdən azad olunmuş müəllimlə əlaqədar komissiyalar yaradılıb və onların durumunun həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir.

Bu məqamda ortaya bir neçə sual çıxır: İşsiz qalan 4000-ə yaxın müəllimin aqibəti necə olacaq? Uğursuz nəticə göstərən 400-ə yaxın müəllim hansı əsaslarla alternativ işlərlə təmin ediləcək?

seher.media-ın əməkdaşı mövzu ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib.

O qeyd edib ki, 4 300 nəfərin işinə xitam verilməsi o qədər də xoşagələn hal deyil:

"Əlbəttə, o da düzdür ki, savadsız müəllim işləməməlidir. Ancaq dörd mindən çox müəllimin işdən kənarlaşdırılması çətin prosesdir. Ümumiyyətlə, bir neçə saat imtahan götürməklə müəllimin biliyini və bacarığını qiymətləndirmək yanlışdır. Fikrimcə, imtahan verəcək hər bir müəllimin əvvəlki fəaliyyətləri barədə məlumat olmalıdır. Bu məlumatlar nəzərə alınmalıdır, imtahan balları da fəaliyyətlərinə əlavə edilməlidir.

Kütləvi şəkildə dörd mindən çox şəxsin işdən çıxması və sentyabrda onların yerinə kimlərin gələcəyi çox ciddi bir məsələdir. Həmin müəllimlərin yerinə dərs deyəcək şəxslərin biliyi də sual altındadır. Çünki dörd mindən çox müəllimi seçmək asan proses deyil".

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ictimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahib seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, elm və təhsil nazirinin müvafiq qərarına uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eyni zamanda, regional təhsil idarələri və rayon təhsil sektorlarında təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb:

"Komissiyalar 30 iyul tarixinədək fəaliyyətini davam etdirib. Komissiyalara bu günə qədər ümumilikdə 3 700-dən çox vətəndaş müraciət edib. Vətəndaşların sosial statusları ilə bağlı sənədlər toplanıb və müraciətlər araşdırılıb.

Ümumilikdə 600 nəfərə yaxın sosial baxımdan həssas əhali qrupuna aid vətəndaşın alternativ işlərə cəlb edilməsi istiqamətində qərar qəbul edilib. İlkin mərhələdə 90 nəfər şəhid ailəsi üzvünün müvafiq işlə təmin olunması ilə bağlı tədbirlər görülüb.

Bununla yanaşı, 500-ə yaxın sosial baxımdan həssas əhali qrupuna aid əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda, ailələrin yeganə gəlir gətirən üzvlərinin və müraciət edən digər şəxslərin alternativ işlərə cəlb edilməsi istiqamətində müvafiq işlər həyata keçirilib.

Təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə araşdırılması və alternativ iş imkanlarının dəyərləndirilməsi məqsədilə yaradılan komissiyalara daxil olmuş müraciətlərin qiymətləndirilməsi prosesi davam edəcək".

Aqil Vəlili