Rusiyalı senatoru 10 ilədək həbs cəzası gözləyir

2
Avq
21:18
thumb_down 0

Rusiyalı senator Dmitri Savelyevi 10 ilədək həbs cəzası gözləyir.

seher.media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, Federasiya Şurası Savelyevin toxunulmazlıqdan məhrum edilməsinə və quldurluqla əlaqəli cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verib.

Cinayət Məcəlləsində qeyd olunur ki, bu maddə 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutur.

Qeyd edilib ki, başa çatmamış cinayətə görə ömürlük həbs cəzası təyin edilə bilməz və təyin edilmiş maksimum cəza yarıya bölünür.

Rusiya İstintaq Komitəsi hesab edir ki, Dmitri Savelyev özünə məxsus olan şirkətlərin vəsaitlərini mənimsəməkdə günahlandırdığı İonov soyadlı tərəfdaşının qətlini sifariş edib.

Məlumata görə, o, icraçı kimi Federal Cəzaçəkmə Xidmətinin keçmiş əməkdaşını tapıb. Killer sifarişi 100 min dollar müqabilində yerinə yetirməyə razılaşıb, lakin sonradan fikrini dəyişib və Federal Təhlükəsizlik Xidmətinə gedib.

Beləliklə, İonovun qətli səhnələşdirilib - Savelyevə təcili yardım çağırışı kartı və tərəfdaşının ölümü haqqında sənəd göstərilib. Killer pulu aldıqdan sonra (valyutanı senatorun köməkçisi dəyişib) sxemin bütün iştirakçıları saxlanılıblar.

Savelyev Federasiya Şurasının iclasından çıxarkən saxlanılıb.

Rusiyalı senator Dmitri Savelyev Federasiya Şurasında saxlanılıb.

seher.media-ın "Kommersant"a istinadən məlumata görə, o, qətlin təşkilində iştirakda şübhəli bilinib.

Bundan əvvəl isə baş prokuror İqor Krasnov Federasiya Şurasına senator Savelyevin toxunulmazlığının ləğv edilməsi xahişi ilə müraciət ünvanlayıb. Federasiya Şurası razılıq verib, beləliklə siyasətçi iclasdan çıxarkən saxlanılıb.

Qeyd edilir ki, Dmitri Savelyev 2016-cı ildən şuranın üzvüdür. O, parlamentin yuxarı palatasında Tula vilayətini təmsil edir. Onun səlahiyyətləri sentyabrda başa çatır.

Federasiya Şurasına gəlməzdən əvvəl Savelyev 17 il Dövlət Dumasının deputatı olub.